Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2515

YARAT Müasir İncəsənət Mərkəzində “Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil edilib

Fevralın 27-də YARAT Müasir İncəsənət Mərkəzində “Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil edildi. Mədəniyyət Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair müzakirələr aparıldı.

Nazirliklərin, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən forumu KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov açıq elan edərək iştirakçıları salamladı. Bildirdi ki, bu günə kimi sahibkarlar üçün təşkil edilən artıq 8-ci forum öz işinə başlayır və ilk dəfədir mədəniyyət sahəsinə həsr olunub.

***

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşdü. Nazir bu sahədə görülən işlərdən danışaraq kreativ sənaye ilə bağlı forumun keçirilməsini, internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılmasını yüksək qiymətləndirdi: “Çox sevindirici haldır ki, bu gün biz Kiçik və Orta Biznes nümayəndələri ilə belə bir forumun keçirilməsinə nail oluruq. Azərbaycanda yeni strateji istiqamətlərdən biri olan yaradıcılıq sənayenin formalaşması prioritet məsələdir və bununla əlaqədar Mədəniyyət Nazirliyi digər nazirliklərə birlikdə müxtəlif layihələr həyata keçirir. Bu gün yaradıcılıq sənayesi bazarının müəyyənləşdirilməsi, vahid statistikanın formalaşdırılması, biznes və dövlət qurumları arasında qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olduqca vacibdir. Bu gün KOBİA ilə birgə keçirilən bu forum yaradıcı sənayenin məqsədləri nədən ibarətdir sualına cavab verməyə imkan yaradacaq”.

Nazir dedi ki, yaradıcı sənaye anlayışı cəmiyyətimizdə son illərə qədər mücərrəd mahiyyət daşıyırdı: “Bu sahədə heç kim dərindən düşünərək addım atmaq fikrində deyildi. Yaradıcı sənayenin rolu, onun inkişafı barədə düşünənlər də az idi. İnsanlar öz fəaliyyətlərini pərakəndə şəkildə davam etdirirdilər. Mən bu günlərdə “Creativ England” təşkilatının rəhbəri ilə görüşdüm. Müzakirələrimiz zamanı biz Azərbaycanda bu sahə ilə bağlı mənzərəni izah etdik və bildirdik ki, Azərbaycan xalqı öz tarixi boyunca yaradıcı xalq kimi qəbul edilib. Buna ən gözəl misal UNESCO-nun Dünya irs siyahısına daxil olan Qobustandır. Qobustan bu gün ona görə bəşəriyyətin mədəni irsinin bir nümunəsi sayılır ki, burada yaşayan insanlar yaradıcı olublar. Onlar öz yaşayış tərzlərini qədim qayalarda əks etdirərək bunu yaradıcılıq yolu ilə gələcək nəsillərə ötürə bildilər. Bu fakt isə bu gün Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin dünyaya tanıdılmasına xidmət edən qiymətli mirasa çevrilə bildi. Heç də əbəs deyil ki, Azərbaycandan UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan faylların sayı digər ölkələrə nisbətdə daha çoxdur. Bu işdə dövlətin, xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etməliyik. Onun UNESCO-nun xoşməramlı səfiri kimi təşkilatda Azərbaycanın mövqelərinin möhkəmlənməsi istiqamətində gördüyü böyük işləri mütləq qeyd etməliyik”.

Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycanın  xalqının əsrlər boyu xalçaçılıqdan tutmuş, bayram mərasimləri, xalq yaradıcılığının müxtəlif istiqamətləri üzrə bacarıqları dövrümüzə qədər gəlib çatıb. UNESCO ilə əlaqələr və təbliğat işləri də məhz bu yaradıcılıq mirası üzərində qurulub. Bu gün UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”ndə Bakı və Şəki şəhərlərimiz təmsil olunur. Bu da Azərbaycanın apardığı uğurlu xarici mədəni siyasətin nəticəsidir: “Ona görə də yaradıcılıq sənayesi sahəsində bu sahənin insanların vahid strateji bir mərkəzdə birləşməsi vacib məsələdir. Biz bir il öncə bu sahədə portal yarada bildik və ötən müddətdə böyük addımlar atmağa nail olduq. Bütün yaradıcı insanları bu portala daxil olub orada qeydiyyatdan keçməyə dəvət edirəm. Bu portal mədəni sənayenin ideyasını formalaşdıran bir mənbədir. Hər bir yaradıcı şəxsin bu portala daxil olması istər-istəməz digər yaradıcı insanlarla mübadilə etməsinə geniş imkanlar yaradır. Sevinirəm ki, bu portaldan istifadə edənlərin sayı günü-gündən çoxalır. Biz artıq ilk dəfə olaraq ötən ilin dekabr ayında Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (kreativ.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda Nazirlər panelini təşkil etdik. Hər bir qurumun bu işdə mövqeyinin müəyyənləşdirilməsi haqqında ciddi məsələləri müzakirə etdik. Bu sahədə artıq bir neçə müsabiqə elan edilib, bir neçə assosiasiya yaradılıb. Dizayn mükafatı, Bakının loqosu ilə bağlı müsabiqə və s. işləri həyata keçirməyə başlamışıq”.

Nazir mart ayında bu istiqamətdə növbəti toplantının nəzərdə tutulduğunu diqqətə çatdırdı: “Bu gün hamımızın qarşısında bir sual durur: yaradıcı sənaye hansı formalarda inkişaf etməlidir və hansı yaradıcı insan bu sənayeyə daxil ola bilər? Hər addımda biz yaradıcılıqla rastlaşırıq. Kompüter oyunlarının yaradılması, tətbiqi sənət, turizmdən restoran biznesinə qədər hər biri özündə yaradıcı sənayeni ehtiva edir. Yaradıcı mühit bütün biznes və dövlətin iqtisadi inkişafını təmin edən bir istiqamət kimi təyin olunur. Yaradıcı yanaşma olmasa, heç bir uğurlu biznesdən söz gedə bilməz. Biz Mədəniyyət Nazirliyi olaraq bu sahənin mədəniyyətə aid olan bütün sahələrinə dəstək verməyə hazırıq. KOBİA yaradıcı sənaye biznesinin hüquqi bazasının yaradılmasına yardımçı ola bilər. Bbu mühitin formalaşdırılması üçün lazımi şərait yaratmaq tək dövlətin işi deyil, bütünlükdə biznes strukturlarının da dəstək olacağı bir işdir. Yaradıcı mühitin yaradılması əsas məsələlərdən biridir. Bunun üçün uyğun məkanlar, kreativ adalar anlayışı formalaşmalıdır. Biznes yaradıcı gənclərin inkişafına təkan verməlidir. Uşaqlara kreativ düşüncə aşılamalıyıq. Bu iş ictimai hərəkata çevrilməlidir. Biz bu il cənab Prezidentin elan etdiyi “Könüllülər ili” ilə əlaqədar “Kreativ gənclər” hərəkatını genişləndirməliyik.  Yaxın vaxtlarda bu yaradıcı gənclərlə işlərə başlanılacaq”.

Əbülfəs Qarayev bugünkü forumda sualların cavablara nisbətən daha çox olacağını dedi: “Çünki biz bu gün yaradıcı sənayenin inkişafının ilkin axtarış formaları barədə düşünürük. Bu sahəyə hansı nöqteyi-nəzərdən baxmağımızı müəyyənləşdirməliyik. Biz bu gün düşüncə potensialımızın gəlirini neftin gəliri ilə bərabərləşdirməyə çalışmalıyıq. Nazirlik olaraq qarşımıza bu məqsədi qoymuşuq və ona doğru gedirik və bütün yaradıcı insanları bu yola qoşulmağa dəvət edirik. Burada maraq ondan ibarətdir ki, kino, teatr, rəssamlıq, əl işləri və s. bu işdə irəlidə olmalıdır və bu bazarı formalaşdırmaq əsas məqsədimizdir. Ümidvaram ki, KOBİA və digər qurumların birgə əməkdaşlığı ilə Azərbaycanda yaradıcı mühitin formalaşdırılmasına yaxın vaxtlarda tam nail ola biləcəyik və ümumi daxili məhsulda yaradıcı sənayenin çəkisi daha böyük rəqəmlərlə ifadə olunacaq”.

***

Tədbirdə çıxış edən KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma kimi müvafiq sektorun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirdi. Qeyd etdi ki, qabaqcıl dünya ölkələrində yaradıcı və mədəniyyət sənayelərinin ÜDM-də payı 5%-dən çoxdur, məşğulluqda da payı kifayət qədərdir. Azərbaycanda isə belə göstəricilər haqqında danışmaq hələ tezdir. Sahibkarları dəstəkləyən, onların maraqlarından çıxış edən KOBİA yaradıcı və mədəniyyət sənayesi sahəsində biznesin inkişafına dair ənənəvi sahələr üzrə dövlət və özəl sektorun təmsil olunduğu İşçi Qrupunun yaradılmasını, yaradıcı və mədəniyyət sənayesi sahəsində çalışan KOB-ların dövlət dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirilməsi, bu sahədə biznes assosiasiyanın, yeni təşkilati modellərin, o cümlədən Yaradıcı və Mədəniyyət Sənayeləri üzrə Startap Biznes Mərkəzlərinin, klasterlərin yaradılması və bunun təşviq edilməsini təklif edir.

***

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə nazirlik tərəfindən hazırlanmış www.creative.az saytına dair təqdimatla çıxış etdi. Diqqətə çatdırıldı ki, portal Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Layihə üzərində iki il iş aparılıb və 15 ölkənin təcrübəsi öyrənilib. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və s. haqqında məlumatlar əks olunub. Burada həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək verəcək nüanslar nəzər alınıb.

Şöbə müdiri bildirdi ki, portalın yaradılmasında məqsəd həm də Azərbaycanın yaradıcılıq məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir. Portalın bölmələri haqqında ətraflı məlumat verən Vasif Eyvazzadə dedi ki, burada yaradıcı sənayenin müxtəlif şəbəkələrinin, özəl və dövlət qurumları ilə birbaşa əlaqələrin əhatə olunub.

Daha sonra Əbülfəs Qarayev bir daha bütün iştirakçılara uğurlar arzulayaraq bu sahə üzrə hər bir təklifin nazirlik tərəfindən dəyərləndirildiyini diqqətə çatdırdı. Nazir həmçinin forumun təşkil edildiyi YARAT Müasir İncəsənət Mərkəzinin bir yaradıcı obyekt kimi nümunə olduğunu da vurğuladı.

Tədbir iştirakçıların müraciət və təkliflərinin dinlənilməsi və müzakirələrlə davam etdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb